Yavaş sayt sadəcə narahatlıq deyil — pul məsələsidir. Reklama ödəniş ziyarətçi saytınıza gələndə edilir, satış isə səhifə açılandan sonra baş verir. Aradakı iki-üç saniyədə itən adam üçün siz artıq ödəmisiniz.
Praktikada səbəb demək olar ki, həmişə bu dörd yerdən birindədir.
1. Şəkillər
Ən çox rast gəlinən səbəb, həm də ən asan düzələni. Tipik hal: fotoaparatdan çıxan 4000 piksel enində, 6 meqabaytlıq şəkil saytda 400 piksel yerə qoyulur. Brauzer həmin 6 meqabaytın hamısını yükləyir, sonra kiçildir.
Nə etməli:
- Şəkli istifadə olunacaq ölçüyə uyğun hazırlayın
WebPformatına keçin — eyni keyfiyyət, iki-üç dəfə kiçik fayl- Ekranda dərhal görünməyən şəkillər üçün
loading="lazy"
2. Şriftlər
Hər əlavə şrift ailəsi və hər qalınlıq ayrıca fayldır. Üç şriftin dörd qalınlığı — on iki fayl, hamısı da mətn görünməmişdən əvvəl yüklənməlidir.
İki şrift ailəsi kifayətdir. Lazım olan qalınlıqları seçin, hamısını yox. font-display: swap isə mətnin şrift gəlməmişdən əvvəl görünməsini təmin edir — ziyarətçi boş ağ ekrana baxmır.
3. Kənar skriptlər
Analitika, çat pəncərəsi, xəritə, "bizi bəyənin" düymələri, piksel, banner. Hər biri ayrıca serverə sorğu göndərir və çox vaxt sizin serveriniz onları gözləyir.
Sual sadədir: bu skript son bir ayda hansı qərara təsir etdi? Cavab yoxdursa, silin. Xüsusən quraşdırılıb sonra unudulmuş analitika sistemlərini.
4. Hostinq
Ən ucuz paylaşılan hostinqdə yüzlərlə sayt eyni serveri bölüşür. Səhər saat 3-də test etsəniz sayt sürətli görünür; iş saatında isə yox.
Bunu yoxlamağın yolu var: saytı günün müxtəlif saatlarında ölçün. Fərq böyükdürsə, problem kodda deyil, serverdədir.
Necə ölçmək
Hisslə deyil, rəqəmlə. PageSpeed Insights pulsuzdur və Google-un öz meyarları ilə ölçür — yəni axtarış sıralamasında nəyin nəzərə alındığını göstərir.
İki şeyə baxın: LCP (ən böyük elementin görünmə vaxtı) 2.5 saniyədən az olmalıdır, CLS (səhifənin yüklənərkən sıçraması) 0.1-dən az.
Mobil nəticəyə baxın, desktop yox. Ziyarətçilərinizin çoxu telefondadır və telefon internetı həmişə ofis internetindən yavaşdır.
Bu dördünü düzəltmək çox vaxt saytı yenidən qurmadan mümkündür. Əgər sayt kifayət qədər köhnədirsə və hər düzəliş başqa bir şeyi sındırırsa — o başqa söhbətdir, və adətən redizayn daha ucuz başa gəlir.